«Azərsu» Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti arasında 24 yanvar 2014-cü ildə «Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair» memorandum imzalanmışdır və ona uyğun olaraq tələbələrin istehsalat sahələrinə mütəmadi səfərləri təşkil olunur. 19 noyabr 2015-ci il tarixində Geologiya fakültəsinin Hidrogeologiya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs 063A qrup tələbələri və dos. Məhluqə Məmmədova yeni istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya etmişlər.
2015-ci il oktyabrın 28-də təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olmuşdur.Su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işləri uğurla davam etdirən Prezident İlham Əliyev mərasimdə iştirak etmiş və ən müasir texnologiyaların tətbiq olunduğu bu nəhəng sutəmizləyici kompleksi işə salmışdır.
Ekskursiya müddətində tələbələrə kompleksin tikintisi, suyun emal prosesləri və nəql infrastrukturu barədə məlumat verilmişdir. Tələbələr suyun mənbədən götürülərək son emala qədər olan bütün proseslər barədə ətraflı biliklər əldə etmiş, qurğuların fəaliyyətini əyani şəkildə izləmişlər. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində quraşdırılmış ultrasüzgəclər tələbələrin xüsusi marağına səbəb olmuş və belə bir texnologiyanın Azərbaycanda ilk dəfə tətbiqi onlarda xoş təəssürat yaratmışdır. Tələbələr müasir komplekslə əyani tanışlığın praktiki baxımdan əhəmiyyətli olduğunu qeyd etmişlər.