Fakültəmizin bir qrup tələbəsi Bilik Fondunun "Ekoloji maarifləndirmə" proqramı əsasında AMEA, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə 21.04.2017-ci il tarixində təşkil olunmuş ekskursiyada Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə əyani tanış olmuş və “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda keçirilən elmi praktiki konfransda iştirak etmişlər.
Ekskursiya zamanı AMEA-nın Geologiya və Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları ilə bağlı onlara ətraflı maarifləndirici məlumat verib.
Konfrans öz işini Qaradağ Rayon Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici hadisədir.
Konfransda AMEA-nın Geologiya və Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev "Azərbaycan palçıq vulkanları diyarıdır”, mövzusunda çıxış edərək, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Onun sözlərinə görə, sayı, tərkibi, aktiv fəaliyyətinə görə, Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur, bunlardan Lökbatan vulkanları 2 ildə 24 dəfə püskürməklə rekord nəticə verib. Palçıq vulkanlarına münasibətin tarixi mərhələlərinə toxunan professor vulkanların neft-qaz mədənlərini dağıtması ilə bağlı iddiaların özünü doğrultmadığını, əksinə, prosesin yataqlar üçün əlverişli olduğunu deyib.