Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Rektor, akademik Abel Məhərrəmov universitetdə 9 ildir ki, Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirildiyini bildirib. Məlum olub ki, BDU və digər universitetlər üçün, ümumilikdə 274 tyutor hazırlanıb ki, sonuncu - 9-cu tyutor hazırlığı kursları öz işini 1 noyabr 2016-cı il tarixindən 30 iyun 2017-cı il tarixinədək davam etdirib.
Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərin hamısı (11 nəfər) A-sertifikatına (qırmızı) layiq görülüb. Sonra BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimatla çıxış edib. Qeyd edək ki, Geologiya fakültəsinin əməkdaşı Türkan Əmiraslanova da 98 bal toplayaraq kursu fərqlənmə diplomu ilə başa vurub.