Geologiya fakültəsinin tələbələrinin istehsalat sahələrinə və elmi-tədqiqat mərkəzlərinə mütəmadi səfərləri təşkil olunur. Martın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bibiheybət Geokimyəvi Xidmət Stansiyasına ekskursiya təşkil edilib. Belə ki, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrasının müəllimi Ələkbər Mirzəyevin rəhbərliyi ilə “Hidrogeologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs 083A qrup tələbələri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Bibiheybət Geokimyəvi Stansiyasına ekskursiya ediblər. Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova tələbələri salamlayıb, ölkə rəhbərliyinin elmə, təhsilə qayğısını vurğulayaraq, ixtisaslı kadrların yetişdirilməsi üçün nəzəriyyə ilə praktikanın vəhdət təşkil etməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
O, tələbələrə stansiyada aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəzdə tədqiqatlar iki əsas istiqamətdə - seysmoloji üsullarla baş verən zəlzələlərin qeydə alınması və müxtəlif (seysmoloji, geofiziki, seysmoflüidodinamik - SFD) üsullarla zəlzələlərin proqnozu üzrə aparılır.
Ekskursiya müddətində obyektlərdən götürülən su nümunələrinin analizi ilə tanış olan tələbələr suyun tərkibinin və istifadə sahələrinin müəyyən olunması barədə ətraflı biliklər əldə etmiş, stansiya əməkdaşları tərəfindən nəticələrinə əsasən elektron formada hazırlanan zəlzələ ocağının geokimyəvi portreti, xüsusi hazırlanmış proqnoz proqramının iş prinsipi haqqında onlara dolğun məlumat verilib.