Geologiya fakültəsində Elmi Şuranın 2018-ci ildə ilk iclası keçirilib. İclasda qış imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, tədris ilinin əvvəlində fakültədə yaradılmış komissiyanın hesabatı, müəllimlərin seçkisi, eləcə də cari məsələlər müzakirə olunub.
İclası açan dekan, dosent Məhluqə Məmmədova şura üzvlərini gündəlik məsələlərlə tanış edib, qış imtahan sessiyasının yekunlarına dair ətraflı məlumat verib.
Bildirilib ki, yüzə yaxın tələbə imtahan nəticələri ilə bağlı apelyasiya komissiyasına müraciət edib və bu müraciətlərin 90 faizi tələbələrin xeyrinə həll olunub.
İmtahanların nəticələrinə görə, ən yüksək nəticəni III kurslar, ən aşağı nəticəni isə II kurslar göstərib. İxtisaslar üzrə ən yüksək nəticə “Geologiya”nın payına düşüb.
M.Məmmədova tələbə və magistrantların dərslərə davamiyyətinin, sillabusların və kafedraların sənədlərinin yoxlanılması məqsədilə yaradılmış komissiyanın yarımillik fəaliyyəti barədə də ətraflı məlumat verib.
Sonra dekan M. Məmmədova şura üzvlərinin suallarını cavablandırıb. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.