Bakı Dövlət Universitetində görkəmli geoloq-alim, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın akademik Musa Əliyev adına, Gürcüstan MEA-nın akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatlarının laureatı, "Şöhrət” və "Şərəf” ordenli, geologiya-mineralogiya elmləri doktoru, professor Vasif Məmməd Ağa oğlu Babazadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdən öncə akademik Vasif babazadəyə uzun illər səmərəli fəaliyyəti ilə əlaqədar Rektorluq adından təşəkkür elan edildi və o, BDU-nun Fəxri fərmanı ilə təltif edildi. Rektor, akademik Abel Məhərrəmov yubiley tədbirini açaraq alimin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Vasif Babazadə filizəmələgəlmə nəzəriyyəsi və metallogeniyanın müasir ideyalarını inkişaf etdirən filiz geologiyası məktəbinin liderlərindən biridir. Alimin əsərləri sayəsində filiz yataqları haqqında təlim respublikada yer elmləri sistemində mühüm sahəyə çevrilmişdir. O, elmi yeniliklərin müəllifi kimi yalnız respublikada deyil onun hüdudlarından kənarda da tanınır.
Rektor alimin Alimin 350-dən çox adda, o cümlədən 40 monoqrafiya və kitablarını əhatə edən elmi əsərlərinin sadə siyahısı onun elmi fəaliyyətinin nə dərəcədə geniş əhatə dairəsinə malik olmasını göstərir. Alimin bir çox əsərləri Almaniya, Hollandiya, İngiltərə, Rusiya və digər ölkələrdə çapdan çıxmışdır. O cümlədən, elmi məsləhətçiliyi və rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edilmişdir.
Yubiley tədbirində BDU-nun prorektorları, rektorun müşavirləri və Geologiya fakültəsinin kollektivi iştirak edib.
Sonda çıxış edən akademik Vasif Babazadə yubiley tədbirinin keçirilməsinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. Onu da qeyd edək ki, BDU-nun Geologiya fakültəsində akademik Vasif Babazadənin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək və konfrans çərçivəsində alimin elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən kitab sərgisi təşkil ediləcək.