Bolqarıstan Respublikasının Sofiya Mədən və Geologiya "St. İvan Rilski" Universitetinin rektoru, Bolqarıstan Respublikası universitetlərinin rektorları şurasının sədri, professor Lyuben Totevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Geologiya fakültəsində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən dekan, dosent Məhluqə Məmmədova və kafedra müdirləri fakültənin beynəlxalq əlaqələri, tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyəti barədə məlumat verərək, bu görüşün əməkdaşlıq əlaqələrinin qurulmasına təkan olacağını bildiriblər. Professor Lyuben Totev, öz növbəsində, xoş qarşılanmaya görə təşəkkür edib. Qonaq universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. Görüşdə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi əməkdaşlıq və s. məsələlər müzakirə edilib.