GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BDU Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi qeyd edildi

01/05/2015

Bu gün BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və şöbə tərəfdənhazırlanaraq 3 dildə çap olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarının təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan universitetin rekoru, akademik Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərindən bəhs edib, universitetin 95, şöbənin isə 15 illik yubileyinə həsr olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitabından danışıb. Bildirib ki, kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. Topluda  ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı  materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb.

Sonra Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimatla çıxış edib. P.İbrahmiova Mətbuat və informasiya şöbəsinin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasbətlərdən, Facebook, Twitter  və Youtube kanalındakı fəaliyyətlərindən, universitetin, fakültə, sturktur, mərkəz və şöbənin saytlarından, onların idarə olunması xüsusiyyətlərindən, şöbə tərəfindən 3 dildə hazılanmış «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarından, keçirdikləri müxtəlif səpgili tədbirlər və müsabiqələrdən və hər ilin sonunda aparıqları mətbu monitorinqlərdən danışıb. Bildirib ki, 15 illik monitorinqdən bu qənaətə gəlinib ki, kütləvi informasiya vasitələri ötən müddət ərzində Bakı Dövlət Universitetinin həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlayıb, bu hadisə və faktların oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırılmasına xüsusi səy göstərib. Bu materialların bolluğu və peşəkarlıqla hazırlanması belə bir fikir deməyə əsas verir ki, Bakı Dövlət Universitetinin həyatı xalqa, millətə, dövlətə zamana bağlılığı ilə medianın diqqətini çəkməkdə davam edir. Onu da bildirib ki, Media Consalting and Service şirkətinin araş­dırmasına görə BDU 2014-cü il ərzində xəbər yayımına görə liderliyini qoruyub, şöbə Təhsil Na­zir­liyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin aktiv fəaliyyət göstərən ali təhsil mü­əssisələrinin informasiya mübadiləsi baxımından ferval və mart ayı üzrə qalibi olub. P.İbrahimova sonda 15 il ərzində fəaliyyətlərini diqqətdə saxlayan KİV rəhbərlərinə və jur­na­listlərə, o cümlədən KİV ilə münasibətlərin daha da möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə rektor Abel Məhər­rəmova «Mətbuat və informasiya şöbəsinin fəxri üzvü» xatirə mükafatını təqdim edib.

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev universitet-mətbuat münasibətlərindən, şöbənin uğurlu fəaliyyətindən danışıb və təqdim olunan kitabla bağlı maraqlı fikirlər səsləndirib.

Şöbənin media ilə əlaqələrini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov «İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətə görə və 15 illik yubileyi münasibətilə» Mətbuat Şurasının diplomunu BDU Mətbuat və informasiya şöbəsinin müdirinə təqdim edib.

 

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, BDU-nun mətbuat və informasiya şöbəsi son bir il ərzində nazirliyin 3 müxtəlif təltifinə layiq görülüb. Onun sözlərinə görə, universitetin mətbuat xidməti bu gün ali məktəblər içərisində öz fəaliyyəti və operativliyi ilə seçilir, fərqlənir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün informasiya, məlumatın əldə edilməsinin cəmiyyətin mühüm hissələrdən biri olduğunu hesab edib. Onun sözlərinə görə, hər bir müəssisənin mətbuatla işləyən şöbələri işini düzgün quranda həm jurnalistlərin işi rahat olur, həm də  ictimaiyyətə dolğun, düzgün məlumatlar çatdırılır.

 

BDU-nun professoru, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli də informasiya xidmətinin işindən danışıb. O bildirib ki, şöbənin media ilə uğurlu əməkdaşlığının bir səbəbi də medianın Universitetə həmişə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır: "Azərbaycan mətbuatının Universitetə yanaşmasında həmişə xüsusilik, hörmət və ehtiram hiss olunub".

Bookmark and Share