Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye və Bakı Dövlət universitetləri, həmçinin digər təhsil ocaqlarının geoloq tələbə və magistrantlarından ibarət geniş auditoriyada “Geologiya günləri” adlı seminar-təlimə start verilib. Məlumat üçün qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində reallaşmaqla dörd gün davam edəcək. Layihənin rəhbəri isə İnstitutun II kurs magistri, gənc mütxəssis Yusif Əliyevdir. Onu da qeyd edək ki, Yusif Əliyev Bakı Dövlət Universiteti Geologiya fakültəsinin məzunudur. Sözügedən fondun tam maliyyə dəstəyilə təşkil olunan layihəyə təşkilati dəstək İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən verilmişdir. Tədbiri giriş nitqi ilə açan Yusif Əliyev gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərinin formalaşdırılması kimi məqsədləri ehtiva edən layihəsi haqqında geniş məlumat verib. Bununla əlaqədar, elmi-istehsalat müəssisələrində çalışan alim-mütəxəssislər tərəfindən layihə iştirakçıları üçün geologiyanın müasir prioritetlərinə həsr olunan seminar və təlimlərin keçrilməsi, palçıq vulkanlarına elmi-ekskursiyaların təşkili və s. nəzərdə tutulub. Daha sonra AMEA-nın Magistratura şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BDU-nun Geologiya fakültəsi Paleobiogeokimya ETL-nin kiçik elmi işçisi İlqar Quliyev və s. sözügedən layihə haqqında təəssüratlarını bölüşüblər. Seminar-təlim öz işini SOCAR-ın əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Neft-qaz yataqlarında tektonik qırılmaların xarakterinin dəqiqləşdirilməsinə yeni yanaşma” adlı seminar mövzusunun təqdimatı ilə davam etdirmişdir. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.