Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunan akademik Vasif Babazadə dövlət başçısına təşəkkür məktubu ünvanlayıb.
Məktubda bildirilir:
"Möhtərəm cənab Prezident!
Sizə, məni bir ziyalı kimi yüksək qiymətləndirərək dövlətin ali mükafatı - "Şərəf" ordeni ilə təltif etməyinizlə əlaqədar öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Siz mənə təkcə "Şərəf" ordeni deyil, həm də 2009-cu ildə "Şöhrət" ordeni vermisiniz. Mən bu mükafatları təkcə mənə deyil, universitet elminə, ümumiyyətlə, Azərbaycan elminə və təhsilinə verilən mükafatlar kimi dəyərləndirirəm.
Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz Azərbaycan elminin və təhsilinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərirsiniz. Siz son illər ölkəmizdə elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycan elminin dünyada təbliği və tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmisiniz. Bunun nəticəsidir ki, gündən-günə inkişaf edən ölkəmiz hər bir sahədə olduğu kimi, elm sahəsində də böyük uğurlar qazanmışdır. İqtisadi potensialı intellekt kapitalına çevirmək məqsədini qarşıya qoyaraq Siz dəfələrlə qeyd etmisiniz ki, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.
Sizin uğurlu iqtisadi siyasətiniz nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətə, Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir. Dünyanın bir çox Beynəlxalq humanitar, iqtisadi və mədəni forumları, konqresləri və tədbirlərinin Bakıda və bölgələrdə keçirilməsi buna əyani sübutdur.
Möhtərəm cənab Prezident!
Bir daha məni bu ali mükafatlara layiq gördüyünüzə görə Sizə həm öz adımdan, həm də çalışdığım Bakı Dövlət Universitetinin çoxminli professor - müəllim heyəti və tələbə kollektivi adından öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizə uzun ömür, can sağlığı arzulayır, Respublikamızın daha da çiçəklənməsi və elmin inkişafı istiqamətində, xalqımızın daha xoşbəxt gələcəyi, müstəqil Azərbaycanın dünyada daha qüdrətli bir dövlətə çevrilməsi naminə gördüyünüz böyük işlərdə yeni-yeni uğurlar diləyirəm".